AZƏRBAYCANDA “HÜQUQİ EKSPERTİZA VƏ QANUNVERİCİLİK TƏŞƏBBÜSLƏRİ MƏRKƏZİ” YARADILIB VƏ NİZAMNAMƏSİ TƏSDİQLƏNİB

AZƏRBAYCANDA “HÜQUQİ EKSPERTİZA VƏ QANUNVERİCİLİK TƏŞƏBBÜSLƏRİ MƏRKƏZİ” YARADILIB VƏ NİZAMNAMƏSİ TƏSDİQLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında" fərman imzalayıb.

Fərman beynəlxalq təcrübə nəzərə alınmaqla hüququn müxtəlif sahələri üzrə islahatların həyata keçirilməsi, normayaratma fəaliyyətinin keyfiyyətinin yüksəldilməsi məqsədilə verilib.

Fərmanla “Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi” (bundan sonra – Mərkəz) publik hüquqi şəxs yaradılır. Sənədlə Mərkəzinin Nizamnaməsi
təsdiqlənib. Nizamnaməyə uyğun olaraq, Mərkəzin fəaliyyət istiqamətlərinə aşağıdakılar aiddir:

• normativ hüquqi aktların, inkişaf konsepsiyalarının və məqsədli dövlət proqramlarının layihələrinin hazırlanması və hüquqi ekspertizasının aparılmasında iştirak etmək;
• hüquqi boşluqların və qanunvericilikdə kolliziyaların aşkar edilməsi və aradan qaldırılması üçün qanunvericiliyin inkişafında və təkmilləşdirilməsində iştirak etmək;
• hüquqi maarifləndirmə sahəsində tədbirlər görmək.

Fərmana əsasən, Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan Hüquq və İnsan Haqları İnstitutu Mərkəzin tabeliyində “Hüquq və İnsan Haqları İnstitutu” publik hüquqi şəxsə çevrilməklə yenidən təşkil edilir.

Mərkəz normayaratma fəaliyyətinin keyfiyyətinin yüksəldilməsi, dövlət orqanları (qurumları) əməkdaşlarının hüquq normalarının tətbiqi sahəsində bilik, bacarıq və səriştələrinin inkişaf etdirilməsi, hüquqi maarifləndirmə, hüquqi ekspertizasının keçirilməsi və hüquqi tənzimləmənin təsirinin qiymətləndirilməsi, habelə qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla Azərbaycan Respublikasında hüquqi islahatların həyata keçirilməsinə dair təkliflər hazırlanması və bunlarla bağlı işlərin səmərəli əlaqələndirilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir.

Mərkəzin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün sədr də daxil olmaqla 5 (beş) üzvdən ibarət Müşahidə Şurası yaradılır. Mərkəzin fəaliyyətinə cari rəhbərliyi Mərkəzin Müşahidə Şurasının vəzifəyə təyin və vəzifədən azad etdiyi İcraçı direktor həyata keçirir.

Mənbə: https://president.az/az/articles/view/56082
Mənbə: https://president.az/az/articles/view/56083

Related Post