“AZƏRBAYCAN İNVESTİSİYA HOLDİNQİ” TƏSİS EDİLDİ

“AZƏRBAYCAN İNVESTİSİYA HOLDİNQİ” TƏSİS EDİLDİ

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyətinin təmin edilməsi haqqında” 5 noyabr 2020-ci tarixli Fərmanına əsasən bir sıra dövlət şirkətləri və müəssisələri, habelə dövlət payı olan təsərrüfat cəmiyyətləri Azərbaycan İnvestisiya Holdinqinin (bundan sonra AİH) idarəetməsinə verildi və bu siyahı artmaqdadır.

Fərmana əsasən AİH dövlət büdcəsi, idarəetməsinə verilmiş müəssisələrin illik 20% xalis mənfəətinin, eləcə də qanunla qadağan edilməmiş digər mənbələrdən vəsaiti hesabına maliyyələşdirilir. Onun təmin və təşkil edilməsi üçün tələb olunan vəsait artıq növbəti illərin dövlət büdcəsi layihələrində nəzərdə tutulacaqdır.

AİH-nin idarəetməsinə veriləcək müəssisələr aşağıdakılardır:
1. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti
2. “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti
3. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti
4. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti
5. “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti
6. “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti
7. “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti
8. “Azərsu” Açıq Səhmdar Cəmiyyəti
9. “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti
10. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti
11. “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti
12. “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti
13. “Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyəti
14. “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti
15. “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti
16. “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti
17. “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti
18. “Azerbaijan International Telecom” (AzInTelecom)” Məhdud Məsuliyyətli Cəmiyyəti
19. “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti
20. “Bakı Telefon Rabitəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti
21. Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkəti.

AİH-nin yaradılması dövlətə məxsus müəssisələrin idarə olunması sisteminin təkmilləşdirilməsi, fəaliyyətinin səmərəliliyinin və şəffaflığının artırılması, xərclərini və risklərini optimallaşdırmaq yolu ilə onların tam sağlamlaşdırılması istiqamətində struktur islahatlarının dərinləşdirilməsi tələbindən irəli gəlir.

Qeyd etmək lazımdır ki, AİH publik hüquqi şəxsinin yaradılması Azərbaycan Respublikasının Prezidentinin 7 avqust 2020-ci il tarixli Fərmanına əsaslanır. AİH-də idarəetməni Müşahidə Şurası və İdarə Heyəti həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla, AİH-nin idarəetməsinə veriləcək dövlət müəssisələrinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq ali idarəetmə orqanının müstəsna səlahiyyətinə aid edilmiş məsələləri AİH Prezidentlə razılaşdırmaqla həll edir. AİH-nin təsisçisi səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti və AİH həyata keçirir.

Mənbə keçidi: “Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı"
“Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə keçəcək müəssisələrin siyahısı"
“Azərbaycan İnvestisiya Holdinqinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı"

Related Post