AİLƏ MÜBAHİSƏLƏRİNİN MEDİASİYA QAYDASINDA BAXILMASININ BƏZİ XÜSUSİYYƏTLƏRİ MÜƏYYƏN EDİLMİŞDİR

AİLƏ MÜBAHİSƏLƏRİNİN MEDİASİYA QAYDASINDA BAXILMASININ BƏZİ XÜSUSİYYƏTLƏRİ MÜƏYYƏN EDİLMİŞDİR

Mediasiya haqqında Azərbaycan Respublikasının qanununun (bundan sonra “Qanun”) tətbiqi barədə Azərbaycan Respublikasının Prezidentinin 3 aprel 2020-ci il tarixli 607 nömrəli Fərmanında dəyişiklik edilmişdir.

Dəyişiklik ailə münasibətlərindən irəli gələn mübahisələrin mediasiya prosesi çərçivəsində baxılmasının bəzi xüsusiyyətlərini dəqiqləşdirmək məqsədi daşıyır. Dəyişikliyə əsasən, Qanunun 26-cı maddəsində istinad edilən icra hakimiyyəti dedikdə yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları nəzərdə tutulur.

Mediator uşağın maraqlarına toxunan mübahisələrə baxılması zamanı qəyyumluq və himayə orqanlarının rəyini almalı. Uşağın normal böyüməsinə və inkişafına təhlükə yaradan, yaxud onun maraqlarına zərər vura bilən hallar mövcuddursa habelə belə halların yaranma ehtimalı olduqda isə, mediator bu barədə qəyyumluq və himayə orqanlarına məlumat verməyə borcludur. Mediator öncəki cümlədə göstərilən işlər üzrə mediasiya prosesinin həyata keçirilməsindən imtina da edə bilər.

Dəyişikliyə əsasən valideynlər uşağın böyüməsinə, inkişafına və digər maraqlarına toxunan barışıq sazişini qəyyumluq və himayə orqanlarına təqdim etməyə borcludurlar.

26-cı maddədə göstərildiyi kimi nikahın davam etdirilməsi şərtləri, valideynlərin hüquq və vəzifələrinin həyata keçirilməsi qaydası, uşağın yaşayış yerinin müəyyən edilməsi, uşağın və əmək qabiliyyəti olmayan digər ailə üzvlərinin saxlanılması qaydası və ailə münasibətlərindən irəli gələn digər mübahisələr mediasiyanın obyekti ola bilər.

Qeyd etmək lazımdır ki, tərəflər arasında nikah müqaviləsi olduğu təqdirdə mediasiya prosedurunun aparılma şərtləri ora daxil edilə bilər.

Mənbə keçidi: “Mediasiya haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1555-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 aprel tarixli 607 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Related Post