RİSKLİ VERGİ ÖDƏYİCİLƏRİ VƏ ƏMƏLİYYATLARIN MEYARLARI TƏSDİQ EDİLDİ

RİSKLİ VERGİ ÖDƏYİCİLƏRİ VƏ ƏMƏLİYYATLARIN MEYARLARI TƏSDİQ EDİLDİ

Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli Qərarı ilə (bundan sonra Qərar) Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 13.2.82-ci maddəsində nəzərdə tutulan riskli vergi ödəyicilərinin və riskli əməliyyatların meyarları təsdiq edilmişdir.

Qərara əsasən iki növ uyğunsuzluq zamanı əməliyyatlar riskli hesab edilir. Bunlardan biri vergi ödəyicisinin alqı-satqı və ya idxal zamanı təqdim etdiyi elektron qaimədə göstərdiyi mal çeşidi ilə əslində aldığı/idxal etdiyi mal çeşidləri arasında uyğunsuzluq, digəri isə vergi ödəyicisinin aldığı və ya idxal etdiyi malların həcmində (əgər həcm artıq olarsa) aşkar edilən uyğunsuzluğu nəzərdə tutur.

Riskli əməliyyatlarla məşğul olan vergi ödəyicisi riskli vergi ödəyicisi kimi qiymətləndirilir. Bundan əlavə, i) vergi yoxlamaları nəticəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatları apardığı müəyyən edildikdə; ii) vergi ödəyicisi idxalatçı, istehsalçı və ya idxalatçı olmayan ticarət fəaliyyəti ilə məşğul olduqda və onun vergi orqanında qeydiyyatda olan anbarı yoxdursa və ya idxal və ya əldə edilən malların həcmi qeydiyyatda olan anbarın sahəsi ilə uyğunluq təşkil etmirsə; iii) vergi ödəyicisinin fəaliyyət növünə uyğun sayılmayan malların əldə edilib vergi yoxlaması zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edilərsə; iv) vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda, vergi ödəyicisi riskli vergi ödəyicisi hesab edilir.

Əgər fiziki şəxs riskli vergi ödəyicisi kateqoriyasına düşərsə, onun rəhbərlik etdiyi (icra orqanının rəhbəri olduğu) və təsisçisi olduğu hüquqi şəxs də riskli vergi ödəyicisi sayılır. Əgər hüquqi şəxs riskli vergi ödəyicisi elan edilərsə, o zaman onun icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs də riskli vergi ödəyicisi kimi qiymətləndirilir. Eləcə də, beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər riskli vergi ödəyiciləridirlər.

Nəzərə çatdırmaq istərdik ki, yuxarıda qeyd edilən meyarlardan birinin olması vergi ödəyicisinin riskli kimi dəyərləndirilməsi üçün kifayətdir.

Mənbə keçidi: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı

Related Post