MÜRACİƏTÇİDƏN TƏLƏB OLUNAN SƏNƏDLƏRİN SAYININ AZALDILMASINA DAİR QANUNUN TƏLƏBLƏRİNİN İCRASI YEKUNLAŞIB

MÜRACİƏTÇİDƏN TƏLƏB OLUNAN SƏNƏDLƏRİN SAYININ AZALDILMASINA DAİR QANUNUN TƏLƏBLƏRİNİN İCRASI YEKUNLAŞIB

Yeni qaydalara əsasən inzibati orqan inzibati icraat üçün zəruri sənədləri özü əldə etməli və müraciətçi tərəfindən təqdim edilməsini tələb edə bilməz.

“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa (bundan sonra Qanun) və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə 7 dekabr 2018-ci il tarixli dəyişiklik edilmiş və inzibati orqanın müraciətçilərdən məlumat və sənədlərin tələb edilməsinin yeni qaydası müəyyən edilmişdir.

Bələ ki, “İnzibati icraat haqqında” Qanunun 32.2-1 – ci maddəsinə əsasən artıq inzibati orqan inzibati icraat üçün zəruri olan və digər inzibati orqanın sərəncamında olan sənədlərin və ya məlumatların ərizəçi tərəfindən əldə olunmasını tələb edə bilməz. Yəni bu sənədləri inzibati orqan özü əldə etməlidir və bu sənədlər və ya məlumatlar müraciətçidən tələb edildiyi təqdirdə inzibati orqanın vəzifəli şəxsləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati məsuliyyətə cəlb olunaraq üç yüz əlli manatdan altı yüz manatadək məbləğdə cərimə ediləcək.

Sənədləri əldə etmək üçün inzibati orqan dövlət qurumlarının elektron məlumat bazalarından, məlumat-axtarış sistemlərindən və reyestrlərdən istifadə edir. Müvafiq sənədlərin bu formada tapılması mümkün olmadıqda isə sənədlər ərizəçinin razılığı ilə sorğu əsasında aidiyyati orqandan (qurumdan) tələb olunur və ya ərizəçi tərəfindən təmin olunur. Qanun kağız daşıyıcıdan savayı, elektron daşıyıcılarda olan sənədləri də nəzərdə tutur. Bu hallar Qanunun 30.5-ci maddəsində öz əksini tapır.

Məsələn, artıq hüquqi şəxsin qeydiyyatı zamanı sənədlər Vergilər Nazirliyi tərəfindən onlayn formada təqdim edilir və banklar bu dəyişikliklərin qüvvəyə mindiyi tarixdən etibarən hüquqi şəxsə hesab açmaq üçün tələb olunan sənədləri onlayn formada qəbul edirlər.

Mənbə keçidi: “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Related Post