"AZƏRBAYCAN 2030: SOSİAL-İQTİSADİ İNKİŞAFA DAİR MİLLİ PRİORİTETLƏR"İN TƏSDİQ EDİLMƏSİ HAQQINDA SƏRƏNCAM İMZALANIB

Azərbaycan Respublikasının Prezidentı İlham Əliyev 2 fevral 2021-ci il tarixində "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"in təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Önümüzdəki illərdə ölkəmizin uzunmüddətli davamlı və sürətli inkişafı üçün cəmiyyət, biznes və dövlət üçlüyünün uğurlu əlaqəsi möhkəmləndiriləcəkdir. Dövlətin iqtisadiyyatda rolunun bazaryönlü islahatlar vasitəsilə effektiv və səmərəli idarə olunması, özəl mülkiyyət institutlarının gücləndirilməsi, biznesə dost dövlət idarəetməsi və xarici bazarlara yerli məhsulların çıxışını artırmaq məqsədilə ticarət rejimlərinin daha da liberallaşdırılması iqtisadi yüksəlişin təməl amilləri olacaq.

Növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair aşağıdakı beş Milli Prioritet reallaşdırılmalıdır:
1. dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat;
2. dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət;
3. rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı;
4. işğaldan azad olunmuş ərazilərə böyük qayıdış;
5. təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi.

Qeyd edilən Milli Prioritetlər, eyni zamanda, Birləşmiş Millətlər Təşkilatının “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dən irəli gələn öhdəliklərin icrası istiqamətində də xüsusi əhəmiyyət kəsb edir.

Azərbaycan Respublikasının Nazirlər Kabineti Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilən Milli Prioritetlərə uyğun olaraq “2021‒2025-ci illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın layihəsini doqquz ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edəcəkdir.
Layihə hazırlanarkən qabaqcıl beynəlxalq təşkilatlar və ixtisaslaşmış məsləhətçi şirkətlərlə səmərəli əməkdaşlığın həyata keçirilməsi, aidiyyəti dövlət orqanlarının (qurumlarının), elmi təşkilatların, mütəxəssislərin və vətəndaş cəmiyyəti təsisatlarının cəlb olunması təmin olunacaqdır.

Source link: “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı"

Related Post