AZƏRBAYCANDA QEYRİ-REZİDENTLƏR ÜÇÜN YENİ BİZNES İMKANLARI

AZƏRBAYCANDA QEYRİ-REZİDENTLƏR ÜÇÜN YENİ BİZNES İMKANLARI

Azərbaycanda 9 oktyabr tarixində keçirilmiş Rəqəmsal Ticarət Qovşağının 3-cü Beynəlxalq Forumu çərçivəsində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, PAŞA Bank, BEST Solutions və AzerTelecom arasında Dövlət-Özəl Sektor Tərəfdaşlığı Konsorsiumunun yaradılmasına dair Anlaşma Memorandumu imzalanmışdır. Bu Memorandum rəqəmsal xidmətlərdən istifadənin təkmilləşdirilməsinə yönəldilmişdir.

Artıq xaricdə daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşları, xaricdə yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər də Azərbaycanla biznes əlaqələrini rahat şəkildə idarə etmək üçün elektron imza ala bilərlər. Onlar ölkəyə gəlmədən https://dth.az/index.html saytında qeydiyyatdan keçərək e-rezidentlik və mobil-rezidentlik əldə edə bilərlər. Bu onlara daha sonra ölkədə şirkət qurmaq imkanı yaradır.

Daha öncə, cari ilin iyul ayında Diasporla İş üzrə Dövlət Komitəsi və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi arasında anlaşma Memorandumu imzalandı. Memorandumun əsas özəlliyi onun imzalanmasında Azərbaycanda ilk dəfə olaraq tərəflərin elektron imzadan istifadə etməsi, məqsədi isə əsasən elektron və mobil imzanın verilməsi, xaricdə yaşayan və sahibkarlıq fəaliyyəti ilə məşğul olan həmyerlilərimizin Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyətinin stimullaşdırılmasıdır.

Azərbaycan Respublikasının Prezidentinin 12 sentyabr 2017-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları vasitəsilə qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi Qaydası” bu sahədə bəzi rəqəmsallaşma proseslərini müəyyən edir.

Şəxs elektron ərizə dolduraraq elektron imza almaq istəyini bildirdikdən sonra, onun ərizəsinin icrasında bir sıra dövlət qurumu rol oynayır. Bunların arasında Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Daxili İşlər Nazirliyi, Vergilər Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Diplomatik Nümayəndəliklər və digərləri vardır.

Sistem yerli sahibkarların ixrac fəaliyyətinin həyata keçirmələri üçün tələb olunan bir neçə sertifikatı yalnız bir müraciətlə (“Vahid İxrac Ərizəsi”ni doldurmaqla) və onlayn şəkildə əldə etmələrini mümkün edir.

Mənbə keçidi: “Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları vasitəsilə qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi Qaydası”

Related Post